Vaşinqton bəyannaməsinə NATO, Aİ, İran, Rusiya reaksiya verir. Demokratiya, insan haqları çağırışı da gəldi

ABŞ prezidenti Donald Tramp Ağ evdə Azərbaycan prezidenti İlham Əliyevi qəbul edir

Avqustun 8-də Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan ilə Vaşinqtonda sülh müqaviləsinin mətnini paraflayıblar. Onlar ABŞ prezidenti Donald Trampın iştirakı ilə görüşün nəticələri haqda bəyannamə imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. TRIPP adlanan bu marşrut Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.

NATO-nun sözçüsü Elison Hart iki ölkə arasında sülh yönündə irəliləyişi alqışlayır və prezident Trampa sülhə yatırımları üçün təşəkkür edib.

"Bu, normallaşma prosesində və regionun ümumi təhlükəsizliyi üçün mühüm bir irəliləyişdir. NATO tərəfdaşlarımız olan Ermənistan və Azərbaycanla əməkdaşlığı davam etdirəcək", - sözçü X səhifəsində yazıb.


ATƏT, Aİ, Londondan dəstək

ATƏT Vaşinqtonda sənədlərin imzalanmasını alqışlayıb.

"Biz Ermənistan və Azərbaycanı sülhün bərqərar olması üçün mümkün olan hər şeyi gerçəkləşdirməyə təşviq edir və bugünkü irəliləyişi alqışlayırıq. ATƏT hər iki ölkəyə davamlı sülh və sabitlik gətirməyə yönəlmiş bütün səylərə sadiq qalır. ATƏT təhlükəsizliyə dair hərtərəfli yanaşmamıza uyğun olaraq onların səylərini dəstəkləməyə hazırdır", – qurumdan AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirilib.

Avropa İttifaqı (Aİ) da sülh sazişinin paraflanmasını alqışlayıb, Avropa İttifaqı Şurası və Komissiyasının prezidentləri birgə bəyanatda bunu “mühüm hadisə” adlandırıb.

"Bu addım hər iki ölkə və bütövlükdə bütün region üçün davamlı, dayanıqlı sülhün yolunu açır və eyni zamanda Aİ-nin illərlə göstərdiyi səylərin zirvəsidir. Ermənistan və Azərbaycan arasında münasibətlərin tam şəkildə normallaşmasına doğru sabit və fasiləsiz irəliləyişin əldə olunması üçün indi razılaşdırılmış addımların vaxtında icrasını təmin etmək vacibdir", – deyə Antonio KoştaUrsula Fon der Lyayen birgə bəyanatda vurğulayıblar.

Bəyanatda qeyd olunub ki, Aİ Ermənistan – Azərbaycan normallaşma prosesini qətiyyətlə dəstəkləyir və "regionu dayanıqlı sülhə, sabitliyə və rifaha yaxınlaşdırmaq üçün regional əlaqələnməyə və (kommunikasiyaların) tam açılmaya sərmayə qoymağa hazırdır".

Böyük Britaniyanın xarici işlər naziri Deyvid Lemmi X səhifəsində yazıb ki, Vaşinqtonda sülhə doğru atılmış cəsarətli addımlara görə Ermənistan və Azərbaycanı təbrik edir, bu irəliləyişin əldə olunmasında ABŞ prezidentinin vacib rolunu yüksək qiymətləndirir.

O, Böyük Britaniyanın hər iki tərəfin öhdəliklərinə sadiq qalması şərti ilə Cənubi Qafqazda sülhü dəstəkləməyə hazır olduğunu və bunu ABŞ-nin vitse-prezidenti Ceyms Deyvid Vensə dediyini vurğulayıb.

Demokratiya, insan haqları, qanunun aliliyi yaddan çıxmasın

Avropa Şurasının Baş katibi Alen Berse deyib ki, Vaşinqtonda Ermənistan-Azərbaycan sülh sazişinin paraflanması iki ölkə arasında uzunmüddətli münaqişəsinin həllinə yol açır:

“Bu hadisə Cənubi Qafqazda davamlı sülhə doğru tarixi bir mərhələdir – bu regionda sabitlik, Gürcüstan daxil olmaqla, bölgənin bütün xalqlarının rifahı və təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Ermənistan və Azərbaycan bu ortaq tarixlərində yeni bir səhifə açdıqları bir vaxtda Avropa Şurası onlara dəstək verməyə hazırdır”.

Baş katib hər iki ölkəni sülhə doğru irəliləməkdən ötrü əllərindən gələni etməyə, “təkcə etimadı, əlaqələri və infrastrukturu bərpa etməyə deyil, eyni zamanda əsas dəyərlərimizi – demokratiya, insan hüquqları və qanunun aliliyini fəal gücləndirməyə, bunu həm də Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının tam və effektiv icrası vasitəsilə gerçəkləşdirməyə” çağırıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mehridəki ermənilər Tramp-Əliyev-Paşinyan görüşü barədə: 'Heç nə gözləmirəm'

“Ədalətli və dayanıqlı sülh institutların davamlılığı, vətəndaş azadlıqlarının canlılığı, bütün vətəndaşların rifahı ilə ölçüləcək. Avropa Şurası buna töhfə vermək üçün səylərini davam etdirəcək”, – A.Berse vurğulayıb.

AŞPA 2024-cü il yanvarın 24-də Azərbaycanın Avropa Şurasına üzvlükdən irəli gələn əsas öhdəliklərini yerinə yetirməməsini əsas gətirərək bu ölkənin deputatlarının etimadnamələrini təsdiqləməyib. Azərbaycan da qurumda iştirakını "qeyri-müəyyən müddətə" dayandırıb, baş verənləri ölkələrinin ərazi bütövlüyünü bərpa etməsinə görə aparılan qərəzli kampaniyanın bir hissəsidir. Prezident İlham Əliyev isə bu ilin aprelində deyib ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarlarını tanımaya bilər.

Region ölkələrinin reaksiyası

Türkiyə bu razılaşmanı “Cənubi Qafqazda sülh və rifah üçün tarixi fürsət” adlandırıb. Bu hadisə “regional sülh və sabitliyin təminatı baxımından aşırı vacibdir”, – Türkiyə XİN bəyanatında bildirib.

Rusiya və İran o qədər də müsbət yanaşma sərgiləməyiblər. Çünki Ermənistandan keçməsi nəzərdə tutulan tranzit xətti onlardan yan keçir.

Həm Rusiya, həm də İran ABŞ-ın İranla həmsərhəd, strateji əhəmiyyətə malik Ermənistanın Sünik bölgəsində mövcudluğuna dair narahatlıqlarını bildiriblər.

Moskva daha öncə Vaşinqtonu Ermənistan-Azərbaycan sülh prosesini ələ keçirməkdə və regional qüvvələri kənarlaşdırmaqda suçlamışdı. Amma 8 avqust razılaşmasını “müsbət” dəyərləndirir.

“Cənubi Qafqaz respublikaları liderlərinin Vaşinqtonda, Amerikanın vasitəçiliyi ilə görüşü müsbət dəyərləndirməyə layiqdir. Ümid edirik ki, bu addım sülh gündəmini irəli aparmağa kömək edəcək”, – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

“Cənubi Qafqazdakı problemlərin həlli üçün optimal variant, region ölkələrinin özlərinin Rusiya, İran və Türkiyə kimi birbaşa qonşularının dəstəyi ilə həll yollarını axtarması və həyata keçirməsidir. Region xaricindən oyunçuların iştirakı isə sülh gündəminin möhkəmləndirilməsinə xidmət etməli, əlavə çətinliklər və bölücü xətlər yaratmamalıdır”, – o, sözlərinə əlavə edib.

İran Azərbaycanla Ermənistan arasında sülh sazişinin yekunlaşdırılmasını alqışlayır və bunu regionda davamlı sülhün əldə olunması yolunda mühüm addım hesab edir. İran İslam Respublikası eyni zamanda xüsusilə öz sərhədlərinə yaxın ərazilərdə baş verə biləcək istənilən xarici müdaxilənin bölgənin təhlükəsizliyi və davamlı sabitliyi üçün doğura biləcəyi mənfi nəticələrdən narahatlığını ifadə edir. Bu bəyanatla İranın Xarici İşlər Nazirliyi avqustun 9-da çıxış edib.

İranın Ali Lideri Ayətüllah Əli Xameneinin baş müşaviri “region daxilində və ya xaricindəki ölkələri” Azərbaycan üçün Ermənistanın İranla həmsərhəd bölgəsindən keçəcək quru dəhlizi əldə etməyə çalışmağı dayandırmağa çağırıb.