Prezident Əliyev ABŞ-yə çatıb

İlham Əliyev Vaşinqtonda

Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona işgüzar səfərə gedib.

Avqustun 8-də Azərbaycan prezidenti və Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-nin paytaxtı Vaşinqtonda görüşəcəklər.

Əliyevlə Paşinyan 2020-ci il 44 günlük müharibədən sonra ilk dəfə Ağ evdə bir araya gəlirlər. İndiyədək iki ölkə arasında ABŞ vasitəçiliyi ilə xarici işlər nazirləri çərçivəsində bir neçə görüş keçirilib.

D.Trampın iki ölkə lideri ilə ayrı-ayrılıqda görüşləri planlaşdırılır.

Əliyev və Paşinyan ötən ay Birləşmiş Ərəb Əmirliklərində görüşüblər, amma sonucda heç bir yekun qərar elan olunmayıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. 1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib. 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə birgünlük hərbi əməliyyatlar nəticəsində Bakı bütün ərazilərində suverenliyini bərpa edib.

Son illər iki ölkə arasında müxtəlif formatlarda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb. Bununla belə, tərəflər bu ilin martında saziş üzrə bütün maddələrin razılaşdırıldığını açıqlayıblar.

ABŞ rəsmilərinin "Kyiv Post" nəşrinin Vaşinqton müxbiri Alex (Ələkbər) Raufoğluna dediklərinə görə, avqustun 8-də imzalanacaq sülh razılaşmasının əsas hissəsi Tramp Beynəlxalq Sülh və Rifah Marşrutudur (TRIPP) ki, bu da Ermənistanın cənubundan keçməklə Azərbaycanla Naxçıvan eksklavı arasında maneəsiz əlaqəni təmin edəcək.

Avqustun 8-də Əliyevlə Paşinyan Ağ evdə bir sıra sənədləri – birgə bəyannaməni, Minsk qrupundan çıxmaqla bağlı birgə məktub imzalayacaqlar. Azərbaycan və Ermənistan xarici işlər nazirləri aylardır müzakirə olunan ikitərəfli sülh sazişinin mətnini paraflayacaqlar.

Buna da bax: Yeni sülh sazişindəki 'Tramp marşrutu'. Reaksiyalar