Tramp Rusiyadan neft aldığına görə Hindistana əlavə rüsum qoydu

ABŞ prezidenti Donald Tramp və Hindistanın baş naziri Narendra Modi Vaşinqtonda, Ağ evdə birgə mətbuat konfransında əl sıxırlar.

ABŞ prezidenti Donald Tramp birbaşa və ya dolayı yolla Rusiyadan neft aldığı üçün Hindistandan idxala əlavə 25 faizlik gömrük rüsumu tətbiq etməklə bağlı sərəncam imzalayıb. Hindistan Xarici İşlər Nazirliyi (XİN) cavab olaraq bildirib ki, "milli maraqları qorumaq üçün bütün tədbirləri görəcək".

Hindistana münasibətdə əvvəllər 25 faizlik idxal rüsumu qüvvədə idi. Bununla da, Hindistan mallarına ümumi tariflər 50 faizə yüksəldilib.

Sərəncamın 21 gün sonra qüvvəyə minəcəyi bildirilir.

"Hindistan nəinki böyük miqdarda Rusiya nefti alır, həm də onun böyük hissəsini açıq bazarda böyük qazancla satır", - Tramp avqustun 4-də özünün "Truth Social" hesabında yazırdı. "Ukraynada Rusiyanın döyüş maşınından nə qədər insanın həlak olması onları maraqlandırmır".

Elə həmin gün Hindistan ABŞ və Avropa İttifaqını (Aİ) Rusiya ilə ticarətdə ikili standartlarda ittiham edib. Hindistan XİN-in bəyanatında deyilir ki, Vaşinqton və Brüssel Rusiya ilə ticarəti davam etdirir, baxmayaraq ki, onlar üçün bu, "həyati zərurət məsələsi deyil". Vurğulanır ki, ABŞ Co Baydenin prezidentliyi dövründə qlobal enerji bazarlarının sabitliyini möhkəmləndirmək üçün Hindistanın Rusiya neftini almasını "aktiv şəkildə" təşviq edib. Aİ-nin Rusiya ilə ikitərəfli ticarətinin miqyası Hindistanınkından daha yüksəkdir, - XİN əlavə edir.

Hindistan Rusiya neftinin ən böyük alıcılarından biridir. Onun əhəmiyyətli bir hissəsi neft məhsullarına çevrilir və sonra digər ölkələrə göndərilir. Xüsusilə Hindistan Aİ-yə ən böyük neft məhsulları ixracatçısına çevrilib.